Azərbaycan Prezidenti İlham Əliyev Çempionlar Liqasının əsas mərhələsində “Kopenhagen” üzərində qələbəsi münasibətilə “Qarabağ”ı təbrik edib.
Arena.az xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi “X” hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Danimarka çempionu “Kopenhagen” Futbol Klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” Futbol Klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”, – deyə İlham Əliyev vurğulayıb.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 2-ci turu çərçivəsində Bakıda baş tutmuş “Qarabağ” – “Kopenhagen” matçı Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisi 2 oyundan sonra 6 xalla “Real”, “İnter” və “Napoli” kimi klublarla şərikli liderdir.


