Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə fərqlənən referi və referi köməkçisinə “Tofiq Bəhramov mükafatı” təqdim olunub.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, mükafatlandırma mərasimi bu gün AFFA-nın inzibati binasında baş tutub. Tədbirdə qurumun baş katibi Sərxan Hacıyev və Hakimlər Komitəsinin sədri Barış Şimşek iştirak ediblər.
Yazılı səsvermə nəticəsində “Tofiq Bəhramov mükafatı”na referi İnqilab Məmmədov və referi köməkçisi Zeynal Zeynalov layiq görülüblər.
Mükafatın əsasnaməsinə uyğun olaraq həyata keçirilmiş səsvermədə Peşəkar Futbol Liqasının prezidenti, Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, Hakimlər Komitəsinin üzvləri və sədri və Futbol Hakimləri Birliyinin sədri iştirak ediblər.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 29 yanvar 2021-ci il tarixli iclasında mövsüm ərzində fərqlənən hakimlərə təqdim olunması üçün “Tofiq Bəhramov mükafatı”nın təsis olunması barədə qərar qəbul olunmuşdu. Komitənin 31 may 2021-ci il tarixli iclasında isə mükafatın əsasnaməsi təsdiqlənmişdi.





