İlkay Gündoğan “Barselona” ilə razılığa gəldi

“Mançester Siti”nin türkəsilli almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan azad agent qismində “Barselona”ya keçməyə razılaşıb.

Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Gündoğan “Barsa” düşərgəsinə qoşulmağa rəsmi razılıq verib. Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir.

32 yaşlı futbolçu ilə Kataloniya klubu arasında müqavilə iki il müddətinə – 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Həmçinin, müqavilə daha bir mövsüm üçün avtomatik qaydada yenilənmə maddəsini nəzərdə tutur.

2022/2023 mövsümündə İlkay Gündoğan “Mançester Siti”nin heyətində 51 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə edib.

Gündoğan 2016-cı ildən “şəhərlilər”in heyətində çıxış edir. O, Mançester təmsilçisinin heyətində bütövlükdə 304 oyuna çıxıb, 60 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçu “Mançester Siti” ilə UEFA Super Kuboku və Klublararası Dünya Çempionatı istisna olmaqla, bütün mümkün klub türnirlərini qazanıb.

İlkay “Mançester Siti”dən öncə Dortmund “Borussiya”sında (157 oyun, 15 qol, 10 assist), “Nürnberq” (53 oyun, 8 qol, 5 assist) və “Bohum” (39 oyun, 26 qol, 1 assist) klublarında da forma geyinib.

Yarımmüdafiəçi Almaniya milli komandasında da 67 oyun keçirib, 11 qola imza atıb.

“Transfermarkt” internet-portalı Gündoğanı 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: