İlqar Rəhimov Milli Paralimpiya Komitəsindən getdi

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bu vəzifəsindən istefa verdiyini açıqlayıb.

Arena.az xəbər verir ki, funksioner bu barədə qurumun mətbuat xidmətinə açıqlamasında bildirib.

Rəhimov bu qərarı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) prezidenti vəsifəsinə namizədliyi ilə bağlı qəbul etdiyini bildirib:

“İyunun 30-da Portuqaliyada IBSA-nın növbədənkənar Baş Assambleyası keçiriləcək. Assambleyada yeni İdarə Heyəti seçiləcək. Mən IBSA-nın prezidentliyinə namizədliyimi irəli sürmüşəm. Seçiləcəyim təqdirdə fəaliyyətimi dünya təşkilatında islahatlara və dəyişikliklərə həsr etmək istəyirəm. IBSA-da dəyişikliklər üçün platformamı həyata keçirə bilmək və maraqların toqquşması kimi mənfi nəticələrin qarşısını almaq üçün hazırkı vəzifəmdən istefa verirəm”.

Rəhimov işində ona kömək və dəstək olan hər kəsə, bütün məşqçilərə və idmançılara təşəkkür edib: “Daim göstərilən diqqət və qayğıya görə bütün dövlət qurumlarına minnətdaram. Ən əsası, bu illər ərzində mənə göstərilən etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Söz verirəm ki, bu mötəbər dünya idman təşkilatının rəhbərliyində doğma Azərbaycanımı layiqincə təmsil edəcəyəm”.

İyulun 7-də Milli Paralimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçiriləcək. Orada quruma yeni prezident seçiləcək.

Xatırladaq ki, İlqar Rəhimov 1996-cı ildən Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti vəzifəsində çalışırdı. O, həmin dövrdən bəri 7 dəfə Yay Paralimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Rəhimov 12 oktyabr 2021-ci ildə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının (İBSA) hesabat-seçki konfransında qurumun vitse-prezidenti vəzifəsinə seçilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: