İngiltərədə qadın hakimi təhqir etmiş iki yeniyetmə həbs edildi

İngiltərə polisi qadın hakim Rebekka Uelçin ünvanına təhqiramiz şüarlar səsləndirməkdə şübhəli bilinən 17 yaşlı iki yeniyetməni həbs edib.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Yeniyetmələrin Çempionşipin “Birmingem Siti” – “Şeffild Uensdey” oyununda (2:1) yolverilməz davranış sərgilədiyi bildirilir. Hadisə Birmingem klubunun oyundan əvvəl Uelçin ünvanına qadına yaraşmayan sözlər səsləndirməmək tələbinə rəğmən baş verib.

Hazırda hər iki yeniyetmə həbsdədir. Onların davranışı ictimai asayişin pozulması kimi qiymətləndirilir. Amma bu hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırmalar davam edir.

Xatırladaq ki, daha əvvəl Rebekka Uelç İngiltərə Premyer Liqasının “Fulhem” – “Mançester Yunayted” (0:1) oyununda dördüncü hakim kimi çalışıb. Bununla da o, turnirin tarixində kişi komandaların oyununu idarə etmiş ilk qadın hakim olaraq tarixə düşüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: