İngiltərənin bütün klubları Avropa Super Liqasından çıxdılar

İngiltərənin “Mançester Siti” klubunun ardından digər Premyer Liqa təmsilçiləri də Avropa Super Liqasından ayrılmağa qərar verib.

Arena.az xəbər verir ki, artıq “Liverpul”, “Arsenal”, “Mançester Yunayted”, “Tottenhem” və “Çelsi” də Avropa Super Liqasının tərkibindən çıxdığını bəyan edib. Bu barədə klubların mətbuat xidmətləri məlumat yayıb.

“Arsenal” hətta Avropa Super Liqası layihəsinə qatıldığı üçün azarkeşlərindən üzr də istəyib. London klubu yaydığı rəsmi açıqlamada Super Liqaya qayıtmayacağını bəyan edib: “Səhv etdik və bunun üçün üzr istəyirik. Güvəninizi bərpa etməkdən ötrü vaxtın lazım olduğunu bilirik. Fanatların cavabı bizə dərin düşünməyə vaxt verdi. Heç vaxt belə sıxıntıya səbəb olmaq niyyətimiz olmayıb. Super Liqaya dəvət gələndə zəmanət olmadığını bildiyimiz halda, “Arsenal”ın gələcəyini qorumaq naminə geridə qalmaq istəmirdik”.

Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid”, “Barselona” və “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: