“İnter” Onananın əvəzində bu iki qapıçı arasında seçim edir

“İnter” rəhbərliyi kamerunlu qapıçı Andre Onananın başqa kluba keçəcəyi təqdirdə əsas qapıçı mövqeyinə mümkün namizədləri müəyyənləşdirib.

Arena.az bu barədə “La Gazetta dello Sport”a istinadən xəbər verir.

Mənbənin məlumatına görə, “neradzurri” iki variantı maraq dairəsində saxlayır – “Valensiya”dan gürcü qapıçı Georgi Mamardaşvili və “Bayern”dən isveçrəli Yan Zommer. “İnter” Mamardaşviliyə görə 25 milyon avro ödəməyi nəzərdə tutub, Zommeri isə kirayə götürməklə kifayətlənə bilər.

2022/2023 mövsümündə 22 yaşlı Mamardaşvili “Valensiya”nın heyətində 42 oyun keçirib, 49 qol buraxıb, 9 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.

“Transfermarkt” internet-portalı Mamardaşvilini 25 milyon avro məbləğində qiymətləndirir.

Yan Zommer qışda “Bayern”ə keçib və geridə qalmış mövsümdə komandasının heyətində 25 oyuna çıxıb, 31 qol buraxıb, 8 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. 34 yaşlı Zommer komandası ilə Bundesliqanın qalibi olub.

“Transfermarkt” internet-portalı Zommeri 5 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Andre Onana İngiltərə nəhəngləri – “Çelsi” və “Mançester Yunayted”in maraq dairəsindədir. “İnter” Onana ilə 60 milyon avro qarşılığında ayrılmağa hazırdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: