İsmail Kartal “Fənərbağça”da qalır – qərarını dəyişdi

Türkiyəli futbol mütəxəssisi İsmail Kartal Super Liqada mübarizə aparan “Fənərbağça”nın baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək.

Arena.az xəbər verir ki, İstanbul klubu 59 yaşlı mütəxəssisin istefa qərarından geri döndüyünü və vəzifəsində qaldığını açıqlayıb.

Kartal dünən Çempionlar Liqasında “Roma”ya qarşı keçirdikləri oyundan (1:1) sonra istefa verdiyini bildirmişdi. O, klubun qarşısını açmaq üçün belə qərar qəbul etdiyini və bir daha geri dönməyəcəyini açıqlamışdı.

Bu gün isə Kartal komandanın məşqinə qatılmayıb. Bundan sonra “Fənərbağça”nın futbol direktoru Oğuz Çətin mütəxəssislə görüş keçirib. Görüşdən sonra klub tərəflərin yollarını ayırdığını açıqlasa da, axşam saatlarında vəziyyət dəyişib.

“Fənərbağça”nın rəsmi açıqlamasında bildirilib: “Baş məşqçimiz cənab İsmail Kartal vəzifəsinin başındadır. Komandamız sabah saat 11:30-da baş məşqçimiz İsmail Kartalın rəhbərliyi altında məşq keçərək “Qaziantep”lə oyunun hazırlığını davam etdirəcək”.

Beləliklə, gün ərzində istefa qərarında israrlı olduğu bildirilən Kartalın fikrini dəyişdiyi və komandaya rəhbərlik etməyə davam edəcəyi rəsmən təsdiqlənib.

Qeyd edək ki, “Fənərbağça” Super Liqa çərçivəsində sentyabrın 14-də “Qaziantep”i qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: