Məşhur ispan idman jurnalisti Antonio Lobato yeddiqat dünya çempionu, əfsanəvi alman pilot Mixael Şumaxerlə bağlı ədəbsiz zarafata yol verib.
Arena.az məlumat verir ki, Formula 1 azarkeşlərinin hiddətinə səbəb olmuş hadisə Yaponiya qran-prisindən sonra Lobato canlı yayım zamanı studiyada işləyərkən, DAZN-in efirində yaşanıb.
Lobato canlı yayımda zarafatla deyib ki, onun özünün “Red Bull”un olduğu qədər titulları var. Bunun cavabında aparıcılardan biri bildirib ki, Lobatonun sözləri “Red Bull”un mühəndislərini “titrətməlidir”. Lobato isə cavabında: “Qoy Mixael Şumaxer titrəsin! Amma yox, axı o, titrəyə bilmir”, deyə, komaya düşərək iflic olmuş yeddiqat dünya çempionu haqda ləyaqətsiz zarafata yol verib.
Verilişin həmin kəsimi sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox istifadəçi bu sözləri biabırçılıq kimi qiymətləndirib və əfsanəvi alman yürüşçünün ailəsini jurnalisti məhkəməyə verməyə səsləyib.
Formula 1 azarkeşləri də hesab edirlər ki, Lobatonu bu biədəbliyinə görə efirdən uzaqlaşdırmaq gərəkdir.


