Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Valensiya” doğma meydanda “Atletik”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı matçdan inamlı qələbə ilə ayrılan Bilbao təmsilçisi yarımfinala vəsiqə qazanıb.
Sonuncu oyunda isə iki paytaxt təmsilçisi – “Real” və “Atletiko” üz-üzə gəlib. Hesabı ilk yarıda “Atletiko” açıb. Meydan sahibləri bu qolun əvəzini əsas vaxtın sonlarında çıxmağı bacarıblar. Bu üzdən qarşılaşma əlavə vaxta gedib. Əlavə vaxtda daha iki qol vuran “Real”, sonuncu yarımfinalçı olub.
Xatırladaq ki, ilk oyun günündə “Barselona” ilə “Osasuna” da yarımfinala vəsiqə qazanmışdılar.
İspaniya kubokunda yarımfinal mərhələsində hansı komandaların üz-üzə gələcəyinə püşkatmadan sonra aydınlıq gələcək. Bu mərhələdən etibarən qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək.
İspaniya kuboku
1/4 final
25 yanvar
Barselona – Real Sosyedad 1:0
Qol: Dembele, 52.
Osasuna – Sevilya 2:1
Qol: Avila, 71. Ezzalzuli, 99 – En-Nəsiri, 90+4.
26 yanvar
Valensiya – Atletik 1:3
Qol: De Markos, 43-öz qapısına – Muniain, 35. N.Uilyams, 45. Vesqa, 74-pen.
Real – Atletiko 3:1
Qol: Rodriqo, 79. Benzema, 104. Vinisius, 120+1 – Morata, 19.


