Futbol üzrə qadınlardan ibarət İsveç yığma komandası 2023-cü il dünya çempionatında bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, sözügedən komanda üçüncü yer uğrunda oyunda çempionatın təşkilatçılarından biri, Avstraliya yığmasına 2:0 hesabı ilə qalib gəlib.
Oyunda hesab 30-cu dəqiqədə açılıb. Avstraliya yığmasının qapısına 11 metrlik cərimə zərbəsini İsveç yığmasının hücumçusu Fridolina Rolfyö dəqiqliklə icra edib. 62-ci dəqiqədə isə isveçli xanımlar ikinci qolu vurublar. Bu dəfə hücumçu Kosovare Aslani fərqlənib.
İsveç yığması tarixində dördüncü dəfə qadınlar arasında dünya çempionatında bürünc medal qazanıb. Həmçinin isveçlilər bir dəfə dünya çempionatının gümüş medallarını qazanıblar.
2023-cü il qadınlar arasında dünya çempionatının finalı sabah, avqustun 20-də keçiriləcək. Həlledici oyunda İspaniya və İngiltərə yığmaları qarşılaşacaqlar.


