İtaliya millisi Avropa çempionu oldu!

Bu gün futbol üzrə Avropa çempionatına – AÇ-2020-yə yekun vurulub. Arena.az xəbər verir ki, turnirin finalında İtaliya və İngiltərə yığmaları üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda baş tutan həlledici görüşü Niderlanddan olan FİFA referisi Byörn Kuypers idarə edib.

İngiltərə yığması tarixində ilk dəfə Avropa çempionatında finala yüksəlmişdi. İtaliya millisi isə ikinci dəfə qitə çempionu ola bilərdi. İlk dəfə 1968-ci ildə Avropanın ən güclüsü olmuş italyanlar, 53 illik həsrətə son qoymağı hədəfləmişdilər. Bu komanda AÇ-2000 və AÇ-2012-də də finalda uduzmuşdu.

Finala qədər məğlubiyyətsiz irəliləyən bu iki komanda tarixlərində 28-ci dəfə üz-üzə gəlirdi. Əvvəlki 27 oyundan 10-unda İtaliya qalib gəlmişdisə, 8 qarşılaşma ingilislərin qələbəsiylə yekunlaşmışdı. 9 matç isə heç-heçə bitmişdi. Top fərqində isə İngiltərə öndəydi – 33:31.

Finalda hesabı ilk dəqiqələrdə ingilislər açıblar. Amma italyanlar ikinci hissədə buraxılan qolun əvəzini çıxıblar. Başqa qol olmadığından, əsas vaxt heç-heçə bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən, qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya millisi Avropa çempionu olub.

Avropa çempionatı
Final
11 iyul

İtaliya – İngiltərə 1:1 (penaltilər 3:2)
Qol: L.Bonuççi, 67 – L.Şou, 2.
Baş hakim: Byörn Kuypers (Niderland).
London. “Uembli” stadionu.

İtaliya: 21. Canluici Donnarumma, 2. Covanni Di Lorentso, 3. Corco Kyellini (k), 6. Marko Verratti, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 13. Emerson, 14. Federiko Kyeza, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi.
Ehtiyat oyunçular: 1. Salvatore Siriqu, 26. Aleks Meret, 5. Manuel Lokatelli, 9. Andrea Belotti, 11. Domeniko Berardi, 12. Matteo Pessina, 15. Françesko Açerbi, 16. Brian Kristante, 20. Federiko Bernardeski, 23. Alessandro Bastoni, 24. Alessandro Florensi, 25. Rafael Toloy.
Baş məşqçi: Roberto Mançini.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 19. Meyson Maunt.
Ehtiyat oyunçular: 13. Aaron Ramzdeyl, 23. Sem Conston, 7. Cek Qriliş, 8. Cordan Henderson, 11. Markus Reşford, 15. Tayron Minqs, 16. Konor Koadi, 17. Ceydon Sanço, 18. Dominik Kalvert-Levin, 24. Ris Ceyms, 25. Bukayo Saka, 26. Cud Bellingem.
Baş məşqçi: Qaret Sautqeyt.