Futbol üzrə İtaliya Super Kubokunun qalibi bəlli olub. Arena.az xəbər verir ki, həlledici oyunda “Milan” və “İnter” komandaları üz-üzə gəliblər.
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kral Fəhd” adına beynəlxalq stadionda keçirilən Milan derbisi “İnter”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Federiko Dimarko (10-cu dəqiqə), Edin Dzeko (21) və Lautaro Martines (77) vurublar.
Nəticədə “İnter” ardıcıl ikinci dəfə İtaliya Super Kubokunun qalibi olub. Bu komanda bütövlükdə isə yeddinci dəfə superkuboku qazanıb. Nəticədə sözügedən klub Milanın eyniadlı təmsilçisinə çatıb.
İtaliya Super Kuboku 1988-ci ildən keçirilir. Ən titullu komanda 9 qələbəsi olan Turinin “Yuventus” klubudur. 7 zəfəri olan Milan təmsilçiləri 2-3-cü pillələri bölüşürlər. “Latsio” 5, “Roma” və “Napoli” 2 dəfə Super Kubokun qalibi olublar.
Xatırladaq ki, “Milan” ölkə çempionu, “İnter” isə ölkə kubokunun sahibi kimi Super Kubok matçında oynamaq hüququ əldə etmişdi.


