İtan Nvaneri “Arsenal”dan “Borussiya”ya keçdi

“Arsenal”ın hücumameyilli yarımmüdafiəçisi İtan Nvaneri bundan sonrakı karyerasını Almaniya Bundesliqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, 19 yaşlı futbolçu Dortmund “Borussiya”sına icarəyə verilib.

İcarə müqaviləsinin müddəti 1 illikdir. Müqavilədə satınalma şərti də yoxdur. Bu da o deməkdir ki, Nvaneri 2026/2027-ci illər mövsümü bitən kimi “Arsenal”ın düşərgəsinə qayıdacaq.

“Arsenal” Nvaneriyə yeni klubunda uğurlar arzulayıb: “İtanın Dortmund “Borussiya”sında keçirəcəyi dəyərli müddətdə ona ən yaxşısını arzulayırıq və karyerasının davamını səbirsizliklə gözləyirik”.

“Arsenal” akademiyasının yetirməsi olan Nvaneri son illərin klubun ən istedadlı məzunlarından biri hesab olunur. O, 17 yaşına çatdıqdan dərhal sonra – 2024-cü ilin martında “topçular”la ilk peşəkar müqaviləsini imzalayıb.

Nvaneri İngiltərə futbolu tarixinə də düşüb. O, 15 yaş 181 günlük olarkən Premyer Liqada debüt edərək çempionat tarixinin ən gənc futbolçusu olub. Həmçinin “Arsenal”ın bütün rəsmi turnirlərdə ən gənc debütçüsü rekordunu da müəyyənləşdirib.

2025/2026-cı illər mövsümündə Nvaneri iki fərqli ölkənin çempionatında təcrübə toplayıb. Mövsümün ilk yarısını “Arsenal”da keçirmiş yarımmüdafiəçi daha sonra icarə əsasında Marsel “Olimpik”inə keçib. Fransa klubunun heyətində 11 oyuna çıxmış Nvaneri 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Nvaneri İngiltərənin U-16, U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilib, “üç şir”in əsas yığmasına isə çağırış almayıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, həm “Arsenal”, həm də “Borussiya” UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqibləri sırasındadır. “Bayquşlar” Almaniya təmsilçisi ilə oktyabrın 20-də Bakıda, İngiltərə çempionu ilə gələn il yanvarın 27-də Londonda üz-üzə gələcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: