Braziliyalı dayaq yarımmüdafiəçisi Jailson Markes Sikeyra bundan sonra karyerasını İspaniyanın “Selta” klubunda davam etdirəcək.
Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
28 yaşlı futbolçu Braziliyanın “Palmeyras” klubundan azad agent kimi ayrılaraq “Selta”ya keçib. Futbolçunun indiki klubu ilə müqaviləsinin müddəti bu ilin sonunda – dekabrın 31-də başa çatacaq. Bu üzdən də İspaniya klubu onun transferi üçün əlavə xərcə düşməyib. Sikeyra yeni klubu ilə 1,5+1 illik müqaviləyə imza atıb.
Xatırladaq ki, Jailson Markes Sikeyra 2022-ci ilin yanvarından “Palmeyras”da forma geyinirdi. O, karyerası ərzində “Qremio”, “Şapekoense”, “Fənərbaxça”, “Dalyan Profeşnl” kimi klubların da formasını geyinib.


