Jedson Fernandes “Beşiktaş”la yeni müqavilə bağladı

Futbol üzrə Portuqaliya yığmasının mərkəz yarımmüdafiəçisi Jedson Fernandes Türkiyənin “Beşiktaş” klubu ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2027-ci ilin 30 iyununa qədər “qara qartallar”ın uğurları üçün çalışmağa davam edəcək.

Jedson Fernandes “Beşiktaş”a 2022-ci ilin yayında “Benfika”dan 6 milyon avro qarşılığında keçmişdi. Onun bu klubla əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər idi. Jedson İstanbul nəhənginin heyətində 45 oyuna 4 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. O, əvvəllər “Benfika”, “Qalatasaray”, “Tottenhem” və “Rizəspor”da da forma geyinib, Portuqaliya yığmasında 2 oyun keçirib.

“Beşiktaş” sabiq futbolçusu Gökhan İnləri də heyətinə cəlb edib. Son olaraq “Adana Dəmirspor”da forma geyinmiş 39 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. İstanbul nəhəngi Gökhanın klub strukturunda çalışacağını, sadəcə, ehtiyac duyulacağı halda oyunlarda da iştirak edəcəyini bəyan edib.

Əslən Türkiyədən olsa da, İsveçrədə dünyaya göz açdığı üçün bu ölkənin yığmasında oynamağa qərar vermiş Gökhan İnler “Aarau”, “Sürix”, “Udineze”, “Napoli”, “Lester Siti”, “Başakşəhər” və “Adana Dəmirspor”da çıxış edib. O, 2016/2017 mövsümündə “Beşiktaş”da 30 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub. Dayaq yarımmüdafiəçisi İsveçrə millisində də 89 oyuna 7 qol vurub.

“Beşiktaş” digər dayaq yarımmüdafiəçisi Kartal Yilmazı da “Kayserispor”a icarəyə verib. Belə ki, sözügedən klub bu yay transfer qadağası üzündən heyətinə yeni oyunçular cəlb edə bilmirdi. Yalnız transfer pəncərəsinin son günündə klub bu problemi nəhayət ki, yoluna qoymağı bacarıb. Nəticədə Kayseri təmsilçisi heyətinə bir neçə futbolçu cəlb edib. Onlardan biri də məhz Kartal Yılmaz olub. 22 yaşlı türk futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, əvvəlki mövsümlərdə “Ümraniysəpr”da da icarədə olub.

Transfer qadağası ləğv olunan “Kayserispor”da daha 5 yeni futbolçu

“Kasımpaşa”nın hücumçusu Stefan Bahoken də “Kayserispor”a keçib. 31 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. Ötən mövsümün əvvəlindən “Kasımpaşa”da çıxış edən Kamerun yığmasının üzvü daha öncə “Anje”, “Strasburq”, “Nitsa” kimi klublarda da forma geyinib. O, Kamerun yığmasında 22 oyuna 4 qol vurub.

Fransanın “Oser” klubunun mərkəz müdafiəçisi Culian Janvye də “Kayserispor”a keçib. Qvineyadan olan 31 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Təcrübəli müdafiəçi “Nansi”, “Lill”, “Muskron”, “Red Star”, “Reyms”, “Brentford”, “Kasımpaşa” kimi klubların da formasını geyinib. O, Qvineya yığmasında 6 oyun keçirib.

“Girəsunspor”un qapıçısı Onurcan Piri də bundan sonra “Kayserispor”un uğurları üçün çalışacaq. 28 yaşlı qolkiper də azad agent kimi Kayseri klubu ilə 1 illik müqavilə imzalayıb. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Onurcan karyerası ərzində “Bursaspor”, “Çankaya” və “Çorum”da da forma geyinib.

“Kayserispor”un heyətinə qatdığı daha bir futbolçu Yiğit Emre Çeltikdir. 20 yaşlı yarımmüdafiəçi “Altınordu”, “Fortuna Sittard”, “Podbeskidze” kimi klublarda, həmçinin Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında forma geyinib.

“Kayserispor”un sabiq futbolçusu Hasan Ali Kaldırım da 11 ildən sonra bu kluba qayıdıb. 33 yaşlı futbolçu köhnə-yeni klubu ilə 2 illik müqavilə bağlayıb.

Xatırladaq ki, Hasan Ali Kaldırım 2010-2012-ci illər aralığında Kayseri klubunda 76 oyuna çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Fənərbaxça”, “Başakşəhər”, “Kayzerslautern”, “Maynts” kimi klublarda çıxış edib. Türkiyə millisində 35 oyuna 1 qol vurmuş təcrübəli futbolçunun son klubu isə “Ankaragücü” olub.

Yeri gəlmişkən, Hasanı Kayseri klubuna pulsuz buraxan “Ankaragücü” gürcü vingeri Georgi Beridze ilə də vidalaşıb. 26 yaşlı futbolçu “Kocaelispor”a keçib və 2+1 illik müqavilə bağlayıb. Gürcüstan yığmasının üzvü ötən ilin yayından Ankara klubunda çıxış edirdi. O, “Dila” (Qori), “Zestafoni”, “Gent”, “Trençin”, “Uypeşt”, “Lokeren” kimi klublarda da forma geyinib. Sol cinah vingeri Gürcüstan yığmasında da 8 oyuna 1 qol vurub.

İlhan Parlak karyerasını bitirdi

“Kayserispor”un hücumçusu İlhan Parlak da karyerasını bitirməyə qərar verib. 36 yaşında futboldan gedən forvard yetirməsi olduğu Kayseri klubundan başqa “Fənərbaxça”, “Ankaraspor”, “Ankaragücü”, “Karabükspor”, “Kayseri Ərciyəsspor”, “Qaziantepspor” kimi komandalarda da forma geyinib. O, Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: