Jerar Pike: “Barsa”nın nəsilləri tarixə düşəcək, “Real” isə…”

“Barselona”nın keçmiş müdafiçisi Jerar Pike “blauqrana”nın tarixi baxımdan əzəli rəqibi “Real”dan nədə üstün olduğunu açıqlayıb.

Arena.az “Cadena Ser” dərgisinə istinadən, Pikenin bu barədə fikrini təqdim edir:

“Hesab edirəm ki, “Barsa” bir çox xüsusda “Real”dan məhz yaxşı tərəfə doğru fərqlənir, mən isə öz klubumla çox qürur duyuram, xüsusilə onun üslubu və DNT-si ilə. “Barselona” həmişə futbol oynayıb və oynayan inanılmaz nəsillər toplayıb, hansılar ki, əbədi olaraq tarixdə qalacaqlar.

Dəfələrlə belə olub ki, “Real” çoxlu qənimət qazanıb, amma ancaq nəticəsi qalıb. O komandalar “it dəftəri”ndə də olmayacaqlar”.*

*Qeyd:

“İt dəftəri” ifadəsinə gəlincə, Pike əslində, ispan dilinin məna xüsusiyyətlərindən qaynaqlanan kəskin ifadə işlədib. Odur ki, kəsəri saxlamaq üçün oxucularımıza məhz bu seçimi təqdim edirik.

Xatırladaq ki, Jerar Pike futbolçu karyerasını 2023-cü ilin yanvarında bitirib. “Barselona”nın yetirməsi olan Pike “blauqrana”nın gənclər komandasından dərhal “Mançester Yunayted”ə keçib və dörd il sonra Kataloniya nəhənginin düşərgəsinə qayıdıb. Pike “Barselona”nın heyətində bütün yarışlarda ümumilikdə 616 oyun keçirib, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Pike “Barselona” ilə 9 dəfə İspaniya La Liqasının, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Pike həmçinin “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.

Eyni zamanda, Pike İspaniya yığması ilə DÇ-2010-da və AÇ-2012 də çempion olub.

Vurğulayaq ki, Pike İspaniya Sequndasında çıxış edən “Andorra” klubunun da sahibidir.

Xəbəri sosial şəbəkələrdə paylaş: