“Jirona” tarixi uğura imza atdı

İspaniya La Liqasının 32-ci turunda “Kadis”ə qarşı ev oyununda 4:1 hesablı qələbə Kataloniya təmsilçisi “Jirona” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində “Jirona” cari mövsüm İspaniya La Liqasının yekunlarına əsasən, avrokuboklarda iştirak imkanını rəsmən təmin etmiş olub.

Bu, sözügedən komandanın Avropa yarışlarında ilk iştirakı olacaq.

La Liqada 2023/2024 mövsümünün bitməsinə 6 tur qalmış “Jirona” 32 oyundan 68 xalla yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Sözügedən komanda qalan turlarda uğursuz çıxış etsə belə, mütləq 6-cı yerdən aşağı düşməyəcək ki, bu da Avropa Liqasında iştirak hüququ verir. Amma klub hazırda birbaşa UEFA Çempionlar Liqasını qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparır.

Xatırladaq ki, “Jirona” 1930-cu ildə təsis edilib. 94 illik varlığı ərzində klub İspaniyanın yüksək divizionunda cəmi 4 mövsüm keçirib. Cari mövsüm “Jirona”nın klub tarixinin ən uğurlu mövsümüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: