Joan Laporta: “Xulian Alvareslə hələ də maraqlanırıq”

“Barselona”nın prezidenti Joan Laporta klubun “Atletiko”nun argentinalı hücumçusu Xulian Alvaresə marağının davam etdiyini bildirib.

Arena.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri yerli mətbuat açıqlamasında bunları söyləyib:

“Biz hələ də Xulianla çox maraqlanırıq. İstərdik ki, təklifimizi nəzərdən keçirsinlər”, – deyə Joan Laporta bildirib.

Daha əvvəl Alvaresin “Atletiko”dan ayrılmaq istədiyi barədə məlumat yayılmışdı. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Ötən mövsüm argentinalı hücumçu “Atletiko”nun heyətində 49 oyuna çıxaraq 20 qol vurub.

Lakin “Atletiko” Alvaresin “Barselona”ya keçidi ilə bağlı xəbərlərə sərt reaksiya verib. Madrid klubunun yaydığı açıqlamada argentinalı futbolçunun “Barselona”ya satılmaq ehtimalının 0% olduğu bildirilib:

“Futbolçu təzyiqlərə məruz qalır, lakin Xulian məsələsində yeganə qurban bizik. Onlar bizə iqtisadi və sosial zərər vurublar. Onu “Barselona”ya satmaq şansı 0%-dir. Bu məsələ pulla bağlı deyil, ləyaqət məsələsidir”, – deyə klubun açıqlamasında qeyd olunub.

Xulian Alvares 2024-cü ildən “Atletiko”da çıxış edir. Bundan əvvəl o, “Mançester Siti”nin formasını geyinib. İngiltərə klubunda iki dəfə ölkə çempionu olan argentinalı futbolçu 2023-cü ildə Çempionlar Liqasının, klublararası dünya çempionatının və İngiltərə Kubokunun qalibi olub.

Alvares Argentina millisinin heyətində isə 59 oyunda 15 qol vurub və 4 məhsuldar ötürmə edib. O, milli komanda ilə 2022-ci il dünya çempionatını, iki dəfə Amerika Kubokunu (2021, 2024) və Finalissimada (2022) qələbəni əldə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: