Joan Qarsiya: “Özümü cəsarətli qapıçı hesab edirəm”

“Barselona”nın yeni transferi, 24 yaşlı ispan qapıçı Joan Qarsiya özünün güclü tərəfləri haqqında söhbət açıb.

Arena.az “Mundo Deportivo” dərgisinə istinadən, ispan qapıçının müvafiq açıqlamasını təqdim edir:

“Mən çox xoşbəxtəm. Mən bu günü həqiqətən intizarla gözləyirdim, bu gün isə nəhayət gəldi. Mənim məqsədim – bir qapıçı kimi tərəqqiyə davam etmək və çoxlu qələbə qazanmaq, komanda ilə böyük uğurlara müvəffəq olmaqdır. Bax, bunun üçün mən bura gəlmişəm. Bu, mənim arıtq, tanıdığım əla bir komanda və gənc oyunçularla çox cəlbedici layihədir. İşimə və onlarla işə başlamağın intizarındayam.

Mənim güclü tərəflərim? Mən özümü cəsarətli qapıçı hesab edirəm, sürətliyəm, qarşılıqlarım var, havada oyuna öz töhvəmi verən biriyəm”, deyə Qarsiya vurğulayıb.

Joan Qarsiya “Espanyol”un məzunudur və klub karyerası ərzində ancaq “tutuquşular”ın qapısını qoruyub.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Qarsiya “Espanyol” üçün 38 oyunda qapıda dayanıb, 51 dəfə “peşman” edilib, cəmi 8 oyunda isə qapısının toxunulmazlığını təmin edib.

Qarsiyanın “Espanyol” üçün çıxışının ümumi mənzərəsi 67 oyun, 72 buraxılmış top və 21 “quru” oyundan ibarətdir.

Joan Qarsiya İspaniyanın U-17, U-18, U-19 və U-21 yığmalarına, eləcə də Olimpiya komandasına cəlb edilib, “qırmızı qəzəb”in əsas yığmasına isə hələ dəvət almayıb.

Qarsiya “Espanyo”la İspaniya Sequndasının (2020/2021) və İspaniya yığması ilə 2024-cü il Yay Olimpiya Oyunlarının qalibi olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı ispan qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: