“Barselona”nın yeni transferi Joao Feliks “Atletiko”dan Kataloniya klubuna keçməsi ilə bağlı duyğularını paylaşıb.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir.
Feliks etiraf edib ki, o, həmişə “Barselona”nın böyük pərəstişkarı olub:
“Hər kəs mənim necə xoşbəxt olduğumu bilir. Mən bu kluba düşmək üçün işləyib çalışmışam. Bu, uşaqlıq arzusunun həyata keçməsidir. Mən bura komandaya kömək etmək üçün gəlmişəm və ümidvaram ki, əla mövsüm olacaq. Bu, uzun müddətdir ki, can atdığım bir məqamdır. Mənə klubun marağı haqda danışanda sevindim. Uşaqlıqdan “Barselona”nı izləyirəm və klubun azarkeşi olmuşam və budur, mən buradayam. Mən titullar uğrunda mübarizə aparmaq istəyirəm. Çempionlar Liqasında qələbə qazanmaq həmişə mənim arzum olub, amma biz addım-addım gedəcəyik və buna nail olmağa çalışacağıq”, deyə Feliks sevinclə bildirib.
Xatırladaq ki, Joao Feliks Madrid “Atletiko”sundan “Barselona”ya satınalma şərti olmadan, icarə əsasında keçib və 2023/2024 mövsümünün sonuna qədər kataloniyalıların xidmətində olacaq.
Portuqal futbolçu 2022/2023 mövsümünün ikinci yarısını “Çelsi”də icarə əsasında çıxış edib. O, “zadəganlar”ın heyətində 20 oyuna çıxıb və 4 qol vurub.
Feliks 2019-cu ilin iyun ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 31 oyun keçirib. 23 yaşlı futbolçu bu oyunlarda 5 qol vurub, 3 məhsuldar ötürmə verib və 2019 UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı Joao Feliksi 50 milyon avro məbləğində qiymətləndirir.



