İspaniyanın “Barselona” klubu azad agent statusunda olan Portuqaliya millisinin futbolçusu Joao Kanselo ilə müqavilə imzalayıb.
Arena.az bu barədə Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Portuqaliyalı müdafiəçi ilə müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. 32 yaşlı oyunçu komandaya azad agent kimi qoşulub.
Kanselo daha əvvəl kataloniyalıların heyətində icarə əsasında çıxış edib. O, 2023/2024-cü illər mövsümündə “Mançester Siti”dən (İngiltərə) “Barselona”ya keçərək 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə müəllifi olub.
Daha sonra Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna yollanan futbolçu 2026-cı ilin yanvarında yenidən icarə əsasında İspaniya təmsilçisinə qayıdıb və keçirdiyi 23 qarşılaşmada 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, Kanselo bu dəfə Kataloniya klubunda qalıcı olaraq çıxış etmək şansı qazanıb. “Barselona” isə təcrübəli müdafiəçinin heyətə qoşulması ilə müdafiə xəttində seçim imkanlarını artırıb.
“Benfika”nın yetirməsi olan Kanselo, karyerası ərzində “Valensiya”, “İnter”, “Yuventus”, “Mançester Siti”, “Bayern”, “Əl-Hilal” kimi klublarda da forma geyinib.
Joao Kanselo 2016-cı ilin sentyabrında debüt etdiyi Portuqaliya yığmasının heyətində 73 oyun keçirib, 12 qol vurub, 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


