Futbol üzrə Portuqaliya yığmasının mərkəz yarımmüdafiəçisi Joao Mario “Beşiktaş”dan ayrılaraq Yunanıstanın AEK klubuna keçib.
Arena.az bu barədə sözügedən klubların mətbuat xidmətlərinə istinadən xəbər verir.
33 yaşlı yarımmmüdafiəçinin “Beşiktaş”la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli futbolçu AEK-lə 2 illik (2028-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.
Xatırladaq ki, AEK Joao Marionu ötən mövsümdə icarə əsasında heyətinə qatmışdı. Yarımmüdafiəçi bu komandanın heyətində 31 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Joao Mario “Beşiktaş”a 2024-cü ilin yayında “Benfika”dan icarə müqaviləsi əsasında keçmişdi. 2025-ci ildə isə “qara qartallar” Portuqaliya klubuna 2 milyon avro ödəməklə 32 yaşlı futbolçunun transfer hüquqlarını da almışdılar. Marionun İstanbul klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi. O, “Beşiktaş”da 45 oyun keçirib, 10 qol və 5 assist müəllifi olub.
Joao Mario “Portu” və “Sportinq”in yetirməsidir. O, “Vitoriya” (Setubal), “İnter” (Milan), “Vest Hem”, “Lokomotiv” (Moskva), “Benfika” kimi klublarda da forma geyinib.
2014-cü ildə Portuqaliya yığmasında debüt etmiş Mario, 56 oyunda 3 qol vurub, 12 assistlə yadda qalıb.


