“Roma”nın baş məşqçisi Joze Mourinyo bildirib ki, çalışdırdığı ən yaxşı futbolçulardan ibarət rəmzi komandanı açıqlamayıb.
Arena.az məlumat verir ki, “Mour” bu barədə özünün sosial şəbəkə hesabı üzərindən bildirib:
“Mən bunu heç vaxt etməmişəm. Mən həmişə bunu etməkdən imtina etmişəm, bunu etmək mənim üçün mümkün deyil. Bu, yalan xəbərdir.
Mənim o qədər yüksək səviyyəli oyunçularım olub, amma ən əsası bu oyunçuların mənə nə verdiyidir. O oyunçular ki, mənə hər şeyi veriblər: keyfiyyət, səy, qan və can. Onların hamısı mənim ilk 11-liyimdədir, bütün hamısı. Buna görə də mən həmişə ilk 11-liyi seçməkdən imtina etmişəm.
Bütün oyunçularımı sevirəm və hörmət edirəm.
Geydirmə xəbərdir. Xahiş edirəm mənim tarixçəmə hörmət edin və oğlanlarıma hörmət bəsləyin”, – Mourinyo sosial şəbəkədə yazıb.
Xatırladaq ki, daha əvvəl Joze Mourinyonun karyerası ərzində çalışdırdığı ən yaxşı futbolçulardan ibarət rəmzi komandanı açıqladığını iddia edilən xəbərlər yayılmışdı.
“Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Portuqal mütəxəssis 2021-ci ilin iyulundan “Roma”nı çalışdırır. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində Mourinyo paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


