“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo “canavarlar”ın mövsümə perspektivləri ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Roma”nın rəsmi saytına istinadən, Mourinyonun bu barədə fikirlərini təqdim edir:
“Roma” demək olar ki, Avropa Liqasının 1/8 finalına vəsiqəsinə zəmanət verib. Mövsüm üçün planlarımız dəyişirmi? Xeyr, çünki komandamızın gücünə hələ də əmin deyiləm. Uğurlarımız və uğursuzluqlarımız hələ də bizə təsir edir. Bəzən bu, xoşagəlməz gözlənilməzliklər gətirir, ona görə də özümü qabaqlamaq istəmirəm. Sadəcə onu demək istəyirəm ki, Renato Sançes və Kris Smollinq sağaldıqda, bacardığımız hər şeyi göstərə biləcəyik.
Necə edək ki, bizim komandamız səfərlərdə quldur dəstəsi kimi uğur qazansın? Quldur olmurlar, quldur doğulurlar. Mən futbol qulduru doğulmuşam və bunu oyunçularıma çatdırmağa çalışıram – gəlin görək, bu, işə yarayacaqmı”, deyə “Mour” özünəməxsus üslubuna sadiq qalaraq, fikrini ifadə edib.
Mourinyonun “canavarlar”ı A Seriyasının 13 turundan sonra 21 xalla turnir cədvəlinin 5-ci pilləsində yer alıblar. “Roma” Avropa Liqasının “G” qrupunda 4 turdan 9 xalla 2-ci pillədə qərarlaşıb və eyni miqdarda xal toplamış qrup lideri “Slaviya Praqa”nı təqib edir. Gələn ilin aprelində isə “Mour” yetirmələrini İtaliya Kuboku uğrunda “Kremoneze”yə qarşı oyuna çıxaracaq.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Portuqal mütəxəssisin “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində “Mour” paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


