“Roma”nın baş məşqçisi Joze Mourinyo peşəkar məşqçi kimi gələcəyindən danışıb, bəzi məqamlara aydınlıq gətirib.
Arena.az xəbər verir ki, portuqal mütəxəssis bunları söyləyib:
“Növbəti mövsüm klubda qalıb-qalmayacağımı hələ bilmirəm. Bu barədə klub sahibləri ilə danışmamışam, ona görə də gələcəyimlə bağlı suallara dəqiq cavab verə bilmirəm”.
Portuqal mütəxəssis “Real”a mümkün keçidi ilə bağlı şayiələrə də münasibətini açıqlayıb:
“Ançelottini əvəz etmək üçün “Real” qayıtmaq? Florentino Peres çox ağıllıdır. “Real”ın artıq super çalışdırıcısı var, onlar niyə başqası haqda düşünməlidirlər? Mən madridistayam, bu komanda üçün narahatam. Ümidvaram ki, Ançelotti “Real”da qalacaq. O, Madrid klubu üçün mükəmmək məşqçidir”.
Həmçinin Mourinyo Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin ediləcəyi ilə bağlı yaydan bəri mətbuatda dolaşan xəbərlərə dair danışıb:
“Fikrimcə, “Real” kimi böyük klubu yalnız mənim kimi dəli adam tərk edə bilər. Təbii ki, işdən çıxarılmasanız. Bir vaxtlar komanda rəhbərliyi qalmağımı istəsə də, “Real”dan ayrıldım. Əminəm ki, Karlo son anda fikrini dəyişəcək və Peres ona zəng edən kimi qalmağa qərar verəcək”.
Mourinyo son vaxtlar Səudiyyə Ərəbistanı Peşəkar Liqasının artan tələbləri mənzərəsində orada çalışa biləcəyini də istisna etməyib:
“Düşünürəm ki, bir gün Səudiyyə Ərəbistanı çempionatında komandalardan birinin məşqçisi olacağam. Düşünürəm ki, zamanla bu ölkəyə köçüb oradakı yerli klubları çalışdıracağam. Amma bu günün nə sabah, nə də o biri gün gəlməyəcəyi göz qabağındadır”, deyə poruqal mütəxəssis əminliklə vurğulayıb.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Portuqal mütəxəssisin “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində “Mour” paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


