Kafu: “Rafinya çoxdan “Qızıl top”a layiqdir”

Braziliya futbolunun əfsanəsi, keçmiş müdafiəçi Kafu, həmvətəni, “Barselona”nın cinah hücumçusu Rafinya haqda qənaətini açıqlayıb.

Arena.az Kafunun müvafiq fikrini təqdim edir:

“Rafinya çoxdan “Qızıl top”a layiqdir. Cari mövsümdə isə bu, kifayət qədər diqqətçəkəndir”, deyə Kafu vurğulayıb.

Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” onu 58 milyon avro məbləğ müqabilində “Lids”dən “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 49 oyun keçirib, 30 qol və 23 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 136 oyun, 50 qol və 48 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.

Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: