“Mançester Siti”nin dayaq yarımmüdafiəçi Kalvin Fillips icarə əsasında İngiltərənin digər klubu “İpsviç Taun”a keçib.
Arena.az bu barədə “İpsviç Taun”un rəsmi saytına istinadən xəbər verir.
Əslən Yamaykadan olan ingiltərəli futbolçu bu mövsümün sonuna kimi icarəyə götürülüb. Onun müqaviləsində satınalmaya dair şərt nəzərdə tutulmayıb.
“Mançester Siti” Kalvin Fillipsi 2022-ci ilin yayında “Lids”dən 49 milyon avroya transfer edib. Amma o, “şəhərlilər”in heyətində möhkəmlənə bilməyib. Bu komandada 31 oyun keçirmiş Kalvin, 1 qola da imza atıb. Onun İngiltərə nəhəngi ilə 2028-ci ilin 30 iyununa kimi müqaviləsi var.
Karyerasının böyük hissəsi yetirməsi olduğu “Lids”də keçmiş Kalvin, bu komandada 234 oyun keçirib, 14 qol vurub, 13 assist müəllifi olub. O, ötən mövsümdə də “Vest Hem”də icarədə olub, cəmi 10 oyunda iştirak edib.
Kalvin Fillips 2020-ci ilin sentyabr ayında debüt etdiyi İngiltərə milli komandasında 31 oyuna çıxıb, 1 qola imza atıb.

Yeri gəlmişkən, “İpsviç Taun” “Bləkbörn”ün hücumameyilli yarımmüdafiəçisi Semmi Smodiksi də transfer edib. Premyer Liqanın yeni iştirakçısı bu transfer üçün 10,6 milyon avrosundan keçib. 28 yaşlı futbolçu “İpsviç Taun”la 4 illik (2028-ci ilin 30 iyununa qədər) müqavilə imzalayıb.
Semmi Smodiks “Kolçester Yunayted”in yetirməsidir. “Breyntri Taun”, “Piterboro Yunayted”, “Bristol Siti” kimi klublarda da forma geyinmiş irlandiyalı yarımmüdafiəçi, 2022-ci ilin avqustunda 3 milyon avro müqabilində “Bləkbörn”ə keçmişdi. O, bu klubun heyətində 91 oyuna 43 qol vurub, 9 məhsuldar ötürmə verib.
Smodiks İrlandiya yığmasının heyətində də 4 oyun keçirib.



