İtaliyanın “Kalyari” komandasının baş məşqçisi Valter Matsari istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Belə ki, sözügedən kollektiv A Seriyasındakı son 8 matçın 7-də məğlub olub. Bu üzdən klub rəhbərliyi baş məşqçi dəyişikliyinə ehtiyac duyulub.
Valter Matsari 2021-ci ilin sentyabrından “Kalyari”yə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 35 matça çıxarıb. Sardiniya təmsilçisi bu görüşlərdə cəmi 7 qələbə qazanıb, 9 heç-heçə edib, 19 dəfə məğlubiyyətlə üzləşib.
Artıq komandanın yeni baş məşqçisi də məlumdur. “Kalyari”ni bundan sonra Alessandro Aqostini çalışdıracaq. 42 yaşlı mütəxəssis ilk dəfə bir komandanın baş məşqçisi kimi fəaliyyət göstərəcək. O, bu vaxta qədər klubun əvəzedici komandasında çalışırdı. Aqostini 2004-2012-ci illər aralığında məhz “Kalyari”nin uğurları üçün çalışıb. O, bu komandanın heyətində təxminən 300 matça çıxıb.
Qeyd edək ki, “Kalyari” A Seriyasında 35 turdan sonra 28 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.


