Kamandan Oxatma Federasiyasının prezienti postunda qaldı

Bu gün Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyasının ümumi yığıncağı keçirilib. Arena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Yığıncaqda Azərbaycan Kamandan Oxatma Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, qurumun Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, federasiya rəhbərliyinə seçkilər keçirilib. Şahin Mövsümov yenidən federasiyanın prezidenti seçilib. Həmçinin Seymur Qurbanov federasiyanın vitse-prezidenti, Tural Seyidov, Zemfira Qəhrəmanova və Natiq Fazilov İdarə Heyətinə üzv seçiliblər.

Tədbirin sonunda Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Şahin Mövsümov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Mövsümov kamandan oxatmanın bahalı idman növü olduğunu söyləyib: “Federasiyaya yeni gələndə məşq etməyə yerimiz, avadanlıqlarımız da yox idi. Sadəcə, federasiyanın adı var idi. Qısa müddətdə milli komanda formalaşdırdıq. Qapalı idman kompleksimiz olmalı, regionlarda klublar açılmalıdır. Bütün planlar olimpiya lisenziyasına bağlıdır.

Gələcəkdə əcnəbi baş məşqçinin gətirilməsi barədə düşünürük. Həmin mütəxəssisin qarşısına müəyyən hədəflər qoyulacaq. Ən önəmli məqsədlərimizdən biri olimpiadaya lisenziya alınmasıdır. Qısamüddətli uğurlar istəmirik. Ona görə də uzunmüddətli hədəflər qoyuruq. Geridə qalan 10 ildə nəticələri legionerlər yox, gənclərimiz göstərdi.

Yeni baş məşqçi məşhur idmançı olacaq. Yenilik gətirmək, sistemdəki səhvlərimizi görmək istəyirik. Bilirsiniz ki, bu idman növü daha çox Cənubi Koreyada inkişaf edib. Ya həmin ölkədən, ya da Türkiyədən mütəxəssis gətirmək istəyirik.

Sergey Qospodinovu 6-7 ay bundan öncə yola saldıq. Yeni baş məşqçi axtarırıq. Ona görə də hesabat-seçki konfransı gec baş tutdu”.