Kamilo Duran “Qarabağ”a bu sözlərlə vida etdi

“Qarabağ”dan ayrılaraq Şotlandiyanın “Seltik” klubu ilə müqavilə bağlamış kolumbiyalı hücumçu Kamilo Duran Ağdam təmsilçisi ilə vidalaşıb.

Arena.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları qeyd edib:

“Burada olduğum müddətdə mənə göstərilən sevgi və hörmətə görə “Qarabağ” ailəsinə və bütün azarkeşlərə ürəkdən təşəkkür edirəm.

Bu şəhərdə çox gözəl xatirələr qazandım və hər zaman özümü evimdəki kimi hiss etdim. Birlikdə keçirdiyimiz bütün anlara görə komanda yoldaşlarıma, məşqçilər heyətinə və klubun görünməyən cəbhəsində çalışan hər kəsə minnətdaram.

İndi ayrılıq vaxtıdır. Amma buradan qəlbimdə böyük minnətdarlıq hissi ilə ayrılıram. Bu formanı geyinmək və belə möhtəşəm klubun bir hissəsi olmaq imkanını mənə verdiyi üçün Allaha şükür edirəm.

“Qarabağ”a gələcəkdə uğurlar, yeni qələbələr və daha çox kuboklar arzulayıram. Bu klub mənim qəlbimdə hər zaman xüsusi yer tutacaq.

Hər şey üçün təşəkkür edirəm!”

Xatırladaq ki, klublar arasında aparılmış danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub. Rəsmi açıqlanmasa da, “Seltik”in bu transfer üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) təzminat ödədiyi iddia olunur. Bu isə Azərbaycan futbolu tarixinin ən bahalı futbolçu satışı deməkdir.

Kamilo Duran 2025-ci ilin avqustunda Portuqaliyanın “Portimonense” klubundan 200 min avro müqabilində “Qarabağ”a keçmişdi. 24 yaşlı kolumbiyalı futbolçunun Ağdam klubu ilə 2028-ci ilin 30 iyununadək müqaviləsi mövcud idi.

Duran “Qarabağ”ın heyətində 45 oyuna çıxıb, 15 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, Azərbaycan klubu ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.

Kolumbiyada “İndependente Medelyin” və Braziliyada “Flamenqo”nun gənclərdən ibarət komandalarında çıxış etmiş Duran daha sonra Portuqaliyaya transfer olunub. O, “Eştrela”nın U-23 komandasında, “Lusitaniya” və “Portimonense”də forma geyinib. Hücumçu Kolumbiyanın U-20 millisinin də üzvü olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: