Kapello “Milan”ı yıxıb-sürüdü: “Biabırçı, eybəcər!”

“Milan”ın keçmiş baş məşqçisi Fabio Kapello “rossoneri”nin İtaliya A Seriyasının 21-ci turunda “Yuventus”a qarşı oyununu tənqid edib.

Arena.az italyan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Yuventus”un “Milan” üzərində qələbəsi UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizədə əsas nəticədir. Mənim diqqətimi çəkmiş məqam “Milan”ın inandırıcı olmayan çıxışı oldu. Biabırçı, eybəcər “Milan”, xüsusilə texniki baxımdan, açıq-aşkar surətdə geridəqalmış.

Serjio Konseysaonun komandası “Yuve”nin təzyiqi ilə mübarizə aparmaqda çətinlik çəkdi. Birinci hissədə nadir hallarda arxadan təmiz oyun qura bildilər, onlar hətta bir neçə qol fürsəti də yaratdılar. Amma qol vura bilmədilər, ikinci hissədə isə tamamilə uğursuz oldular. Onların quruluşda oyunu fəlakətli idi, pis idarə edilirdi, bütün bu ötürmələr isə Mayk Menyana qayıdırdı.

Hiss edilir ki, ehtiyat oyunçular skamyasında kimin oturmasından asılı olmayaraq, “rossoneri” həmişə sol cinahına güvənir: Teo Ernandes və Rafael Leao işıq yandırmasalar, tam qaranlıq çökəcək. Yussuf Fofana və Ticani Reynders uğursuz oldular, bəs qalanları? Hətta qeyd etməyə belə, dəyməz. Hələ İsmael Bennaser də var, zədələrdən əziyyət çəkir, açıq-aşkar surətdə idman formasında deyil və bu, nəzərə çarpır. Nəticədə “Yuve” sadəcə olaraq sol cinahı kəsdi, “Milan”ın iki ən yaxşı oyunçusunu zərərsizləşdirdi, qalanlarına isə səmərəli surətdə təpki göstərdi.

“Rossoneri” üçün yarış bitibmi? Hələ gözləyin. Birincisi, biz hələ bilmirik ki, A Seriyası gələn mövsüm Avropanın ən böyük yarışına (UEFA Çempionlar Liqası – redaktorun qeydi) dörd və ya beş komandamı göndərəcək. Üstəlik, Konseysao “rossoneri”nin ehtiyat oyunçular skamyasında yenicə ortaya çıxıb, ona görə də dəsmal atmaq hələ tezdir. Bununla belə, “Milan” dünən Turində olduğu kimi oynamağa davam edərsə, Çempionlar Liqasına vəsiqə qazanmaq ümidləri tamamilə yox olacaq”, deyə Kapello vurğulayıb.

20 oyundan 31 xalla “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: