Karate üzrə Azərbaycan millisi AÇ-yə 21 idmançı ilə yollandı

Karate üzrə böyüklərdən ibarət Azərbaycan millisi İspaniyanın Qvadalahara şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək. Arena.az xəbər verir ki, qitə birinciliyində həmçinin para-karate üzrə seçmə komandamız da iştirak edəcək.

Azərbaycan millisi martın 22-dən 26-na qədər davam edəcək Avropa çempionatına 21 idmançı ilə yollanıb. Kişilərdən ibarət kumite üzrə milli komandanın baş məşqçisi Qurban Tağıyevin müşayiəti ilə beş karateçimiz mübarizə aparacaq. Belə ki, Əminağa Quliyev (-60 kq), Tural Ağalarzadə (-67 kq), Fərid Ağayev (-75 kq), Turqut Həsənov (-84 kq) və Asiman Qurbanlı (84+ kq) fərdi yarışlarda qüvvələrini sınayacaqlar. Ayxan Mamayev, Pənah Abdullayev, Rafiz Həsənov və Hüseyn Məmmədli isə komanda çıxışlarında digər yoldaşları ilə birgə mübarizə aparacaqlar.

Kumite üzrə qadınların baş məşqçisi Şahin Xudaverdiyev isə Avropa çempionatına bu idmançıları aparıb: Fidan Teymurova (-50 kq), Mədinə Sadiqova (-55 kq), Renata Ərəbli (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva. Onlar fərdi yarışlarla yanaşı, komanda çıxışlarında da iştirak edəcəklər.

Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayavazov Roman Heydərovu (fərdi kata), Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət heyəti komanda kata yarışlara çıxaracaq.

Para-karateçilər Nihat Məmmədzadə, Eldar Əhmədov və Emiliya Mitlinovanı baş məşqçi Rənad Əliyev müşayiət edəcək.

Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev Avropa çempionatının referiləri arasında olacaq.

5 gün davam edən Avropa çempionatında 48 ölkədən 468 idmançı iştirak edəcək.

Yarış zamanı Avropa Karate Federasiyasının (EKF) Konqresi də baş tutacaq. Konqresdə Azərbaycan Milli Karate Federasiyasnının (AMKF) prezidenti, EKF-in idarə heyətinin üzvü Yaşar Bəşirov, eləcə də AMKF-in baş katibi Qabil Sayadov da iştirak edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: