Karlo Ançelotti “Atletiko”nun cavabını verdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atletiko”nun baş direktoru Migel Anxel Xilin “kral klubu”na ünvanladığı sözlərə münasibət bildirib.

Arena.az “Marca” nəşrinə istinadən italyan mütəxəssisin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Mən buna diqqət vermirəm, hər kəs istədiyini söyləməkdə və etməkdə azaddır. Mənə gəlincə, Xil çox böyük səhv etdi, amma heç kim mükəmməl deyil”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Madrid “Atletiko”sunun baş direktoru Migel Anxel Xil “Real”ın hakimlərə təsirindən danışaraq, əzəli rəqibini təzyiqdə ittiham etmişdi.

Xatırladaq ki, Migel Anxel Xil Madrid “Atletiko”sunun mərhum rəhbəri, ispan iş adamı və siyasətçi, məşhur Xesus Xilin oğludur.

La Liqanın 7 turundan sonra “Real” 18 xalla çempionatın lideri “Jirona”dan 1 xal geri qalır. “Atletiko” isə 13 xalla 5-ci pillədə qərarlaşıb.

Vurğulayaq ki, 6-cı tur çərçivəsində keçirilmiş oyunda “Real”ı qəbul etmiş “döşəkçilər” əzəli rəqibi “kral klubu”nu gözlənilmədən 3:1 hesabı ilə məğlub ediblər.

Növbəti tur çərçivəsində “Real” sentyabrın 30-da Kataloniyaya – lider “Jirona”nın sınağına yollanacaq. “Atletiko” isə oktyabrın 1-də “Kadis”i qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: