“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti İspaniya La Liqasının oyun təqviminə narazılıqla eyham vurub.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə mətbuat toplantısında danışıb:
“Təqvim cədvəli? Mən bundan şikayətçi deyiləm. Müvafiq hal baş verə bilər. Ola bilsin ki, saat 21:30-da oyun oynamamaq daha yaxşı olardı, çünki bu çağda bir çox adam artıq başını atıb xor-xor yatır. Ümidvaram ki, mənim oyunçularım da sabah (artıq bu gün – redaktorun qeydi) yatmayacaqlar”, deyə Ançelotti eyhamla vurğulayıb.
Xatırladaq ki, bu gün, aprelin 23-də “Real” İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Xetafe”nin qonağı olacaq. Hakim oyunu Bakı vaxtı ilə saat 23:30-da başladacaq.
Əlavə edək ki, daha əvvəl Karlo Ançelotti, oyunlar arasında nizamnamə üzrə nəzərdə tutulmuş 72 saatlıq istirahət müddətinin olmayacağı halda, komandasının oyunları boykot edəcəyini bəyan etmişdi.
32 oyundan 69 xalla “Real” İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Xetafe” isə 39 xalla 13-cü pillədədir.
La Liqaya 33 oyunda 76 xalla “Barselona” başçılıq edir.


