“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti Vinisius Juniorun “Ən yaxşı” (The Best) mükafatına namizəd olmaması ilə bağlı danışıb.
Arena.az bu barədə “Madrid Xtra” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, “Real”ın braziliyalı ulduzu FIFA-nın ilin ən yaxşı oyunçusu mükafatı uğrunda mübarizə aparan futbolçuların siyahısına daxil edilməyib.
Karlo Ançelotti əvvəlcə Vinisiusun zədəsi haqqında danışıb:
“Onun nə vaxt qayıdacağını bilmirik. O, yaxşı sağalır, amma biz onu sürükləməyəcəyik. O, komanda ilə məşqlərə gələn həftə başlayacaq. O, gözlənilən altı həftədən tez qayıdacaq”, deyə Ançelotti ümidlə danışıb.
Daha sonra Ançelotti braziliyalı ulduzun “Ən yaxşı” mükafatına namizəd olmadığı haqda zarafatla:
“Ox, o, çox, çox pərişan idi. Üç-dörd saat ağladı”, deyə “Papa Karlo” gülərək əlavə edib.
Xatırladaq ki, Vinisius Junior cari mövsümsün əvvəlində “Selta”ya qarşı La Liqa oyununda (1:0) ombasından zədələnmişdi. Müayinə braziliyalı vingerin altı həftə yaşıl meydanlardan kənarda qalacağını təxmin etmişdi.
Cari mövsümdə Vinisius Junior “Real”ın heyətində 3 oyuna çıxıb, 1 qol vurub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Junioru 150 milyon avro məbləğində qiymətləndirir.
Xatırladaq ki, bu, “Real”ın yeni mövsümdə ilk itkisi deyil. Buna qədər “kral klubu” məşqdə zədələnmiş əsas qapıçısı belçikalı Tibo Kurtuanı mövsümün sonuna qədər itirmişdi.


