Karlos Baleba “Brayton”da, Nabil Bentaleb “Lill”də!

Fransanın “Lill” klubunun kamerunlu mərkəz yarımmüdafiəçisi Karlos Baleba bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə “qağayılar”ın rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 2028-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu transfer İngiltərə klubuna 27 milyon avroya başa gəlib.

Karlos Baleba peşəkar karyerasına məhz “Lill”də başlayıb. O, bu komandanın heyətində bütövlükdə 23 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

“Brayton”un öz mərkəz yarımmüdafiəçisi Yasin Ayari isə “Koventri Siti”yə keçib. Premyer Liqa klubu 19 yaşlı futbolçusunu bu mövsümün sonuna kimi icarəyə verib.

İsveçin AİK klubunun yetirməsi olan Yasin Ayari “Brayton”a bu ilin yanvarında 4 milyon avro müqabilində keçib. O, Premyer Liqa təmsilçisində cəmi 4 oyun keçirib. İsveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçi bu ildən dəvət aldığı əsas millidə də 2 oyuna çıxıb.

Karlos Balebanı satan “Lill” də heyətinə yeni futbolçu cəlb edib. Liqa 1 təmsilçisi “Anje”dən mərkəz yarımmüdafiəçisi Nabil Bentalebi transfer edib. Əlcəzairdən olan 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Lill” onun transferinə görə 4,5 milyon avro ödəyib.

Nabil Bentaleb daha öncə “Tottenhem”, “Şalke”, “Nyukasl” kimi klublarda da forma geyinib. O, 2022-ci ilin yanvarından formasını geyindiyi “Anje”də 51 oyuna 5 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub. Bentaleb Əlczair yığmasında da 43 oyuna 5 dəfə fərqlənib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: