Futbol üzrə Danimarka yığma komandasının sabiq qapıçısı, “Seltik”in (Şotlandiya) şərəfini qoruyan Kasper Şmeyxel gələcəyi ilə bağlı qərar verib.
Arena.az xəbər verir ki, təcrübəli qolkiper 2025/2026-cı illər mövsümünün bitməsi ilə futboldan getdiyini bəyan edib.
O, 39 yaşında əlcəklərini asılqandan asmağa qərar verib. Vurğulanır ki, Şmeyxel müvafiq qərarını, üzləşdiyi ağır çiyin zədəsi səbəbilə qəbul edib.
Xatırladaq ki, Şmeyxel 2024-cü ildən “Seltik”də çıxış edirdi. O, Şotlandiya klubunun heyətində 88 oyuna çıxıb, 96 qol buraxıb, 37 matçda qapısını toxunulmaz saxlayıb.
Kasper Şmeyxel İngiltərənin “Mançester Siti” klubunun yetirməsidir. Amma o, həmin dövrdə az forma şansı qazandığı üçün “Darlinqton”, “Beri”, “Falkirk”, “Kardiff Siti”, “Koventri Siti” kimi klublara icarəyə verilib. 2009-cu ildə “Mançester Siti”dən ayrılan danimarkalı, “Notts Kaunti” klubuna keçib. 2010/11 mövsümündə “Lids”də forma geyinən qolkiper, daha sonra “Lester Siti”yə transfer olunub. Şmeyxel Lesterdə 11 il çıxış etdikdən sonra “Nitsa” və “Anderlext”də də forma geyinib.
Danimarkanın U-19, U-20 və U-21 yığmalarında da oynamış Şmeyxel 2013-cü ildə əsas millidə debüt edib. O, Danimarka yığmasında 120 oyun keçirib, 103 qol buraxıb, 56 matçda qapısını toxunulmaz saxlayıb.
Şmeyxel “Lester Siti” ilə İngiltərə çempionu olub, İngiltərə Federasiya Kubokunu və İngiltərə Super Kubokunu qazanıb. “Seltik”lə də 2 dəfə Şotlandiya çempionu olmuş qapıçı 1 dəfə Liqa Kubokunda zəfər yaşayıb.


