Danimarkalı futbol mütəxəssisi Kasper Yulmann Almaniyanın “Bayer” komandasının yeni baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi sosial şəbəkə hesabları vasitəsil məlumat yayıb.
Yulmann bu postda bir neçə gün öncə istefaya göndərilmiş niderlandlı mütəxəssis Erik ten Haqı əvəzləyib. 53 yaşlı mütəxəssislə 2 illik (2027-ci ilin 30 iyununadək) müqavilə imzalanıb.
Xatırladaq ki, Kasper Yulmann son olaraq Danimarka millisinin baş məşqçisi olub. O, 2024-cü ilin yayında bu komandadan ayrılandan bəri işsiz idi.
Kasper Yulmann 2020-ci ilin avqust ayından Danimarka yığmasına rəhbərlik edirdi. O, milli komandanı bütövlükdə 54 oyuna çıxarıb. Danimarkalılar bu görüşlərdə 32 qələbəyə seviniblər, 8 heç-heçə görüblər, 14 məğlubiyyətə üzülüblər.
Yulman məşqçiliyə 1998-ci ildən başlayıb. 52 yaşlı mütəxəssis ölkəsinin millisindən öncə “Nordsyelland”, “Lyunqbyu” və “Maynts” (Almaniya) klublarında da baş məşqçi kimi çalışıb. Yulmanın məşqçi kimi yeganə uğuru 2011/2012-ci illər mövsümündə “Nordsyelland”ı Danimarka çempionu etməsidir. O, həmin mövsümdə Danimarkada ilin məşqçisi də seçilib.


