Kayl Larin La Liqa klubunda

Futbol üzrə Kanada milli komandasının hücumçusu Kayl Larin Belçikanın “Brügge” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 27 yaşlı forvard İspaniyanın “Valyadolid” klubuna keçib.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Larinin bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüldüyü açıqlanıb.

Xatırladaq ki, Kayl Larin bu mövsümün əvvəlində Türkiyənin “Beşiktaş” klubundan ayrılaraq “Brügge” ilə 3 illik müqaviləyə imza atmışdı. O, 2018-ci ildən “Beşiktaş”da çıxış edirdi. Kanadalı forvard İstanbul təmsilçisində keçirdiyi dörd mövsüm ərzində 108 oyuna çıxıb, 39 qola imza atıb. O, 2019/20 mövsümündə Belçikanın “Sulte Varegem” klubuna icarəyə də verilmişdi. Forvardın oynadığı komandalar arasında “Siqma” (Kanada, 2014) və “Orlando Siti” (ABŞ, 2015-2017) də var. Larin bu mövsüm “Brügge”də 13 oyuna cəmi 1 qol vurub. O, Kanada milli komandasında keçirdiyi 57 oyunda isə 25 qola imza atıb.