Türkiyə Super Liqasında 2023/2024 mövsümünün diqqət çəkən komandalarından “Kayserispor” yenidən transfer qadağası ala bilər.
Arena.az məlumat verir ki, bu mövsüm Super Liqada gözləntilərin üstündə çıxış edən Kayseri klubu bu dəfə keçmiş futbolçusu Andrea Bertolaççiyə olan borclarına görə cəzalanmaq təhlükəsiylə üz-üzə qalıb.
Belə ki, Super Liqa təmsilçisi italyan futbolçuya 2,4 milyon avro ödəməlidir. Əks halda sözügedən klub yanvar ayında transfer qadağası cəzası alacaq.
Məsələ ilə bağlı açıqlama verən “Kayserispor”un prezidenti Ali Çamlı bunları söyləyib:
“Bertolaççi transfer olunanda vitse-prezident idim. Bu transfer mənə rəğmən həyata keçirildiyi üçün həmin gün vəzifəmdən istefa verdim. Futbolçunun bu qiymətə alınmasının baha və kluba xəyanət olduğunu dedim”.
Xatırladaq ki, Kayseri klubu 2021/2022 mövsümünün ara transfer dövründə “Fatih Karagümrük”dən aldığı Andrea Bertolaççini 1 milyon avroya transfer etmişdi. İtalyan futbolçu bu komandanın heyətində bütün yarışlarda 22 matça çıxıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
“Kayserispor” bu mövsüm 14 oyuna topladığı 26 xalla Super Liqada 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
Nihad Əsədov


