Kevin De Bröyne ilkə imza atdı

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne İngiltərə Premyer Liqasında 2022/2023 mövsümünü ən yaxşı assistenti olub.

Arena.az xəbər verir ki, o, karyerası ərzində bunu dördüncü dəfə bacarıb.

Belə ki, hazırda De Bröyne İngiltərə Premyer Liqasında dörd müxtəlif mövsümdə məhsuldar ötürmələr üzrə ən yaxşı olmağı bacarmış ilk futbolçu adına sahibdir.

31 yaşlı belçikalı ən yaxşı assistent adını ilk dəfə 2016/2017 mövsümündə 18 qol ötürməsi verməklə qazanıb. 2017/2018 mövsümündə 16, 2019/2020 mövsümündə isə 20 qol ötürməsi vermiş De Bröynenin cari mövsümdəki göstəricisi 32 oyunda 16 məhsuldar ötürmədir. Bununla yanaşı, yarımmüdafiəçi Premyer Liqada 7 qol vurub.

De Bröyne bu mövsüm UEFA Çempionlar Liqasında da kifayət qədər fəallığı ilə diqqət çəkir: 2 qol və 6 məhsuldar ötürmə.

Xatırladaq ki, Kevin De Bröyne 2015-ci ilin avqustunda Almaniyanın “Volfsburq” klubundan 76 milyon avro qarşılığında “Mançester Siti”yə keçib. Təcrübəli futbolçu “şəhərlilər”in heyətində meydana çıxdığı 354 oyunda 96 qola imza atıb, 149 məhsuldar ötürmə müəllifi olub. O, karyerası ərzində “Genk” (113 oyun, 17 qol, 36 assist), “Volfsburq” (73 oyun, 20 qol, 37 assist), “Verder” (34 oyun, 10 qol, 10 assist) və “Çelsi”nin (9 oyun, 1 assist) də formasını geyinib. Yarımmüdafiəçi kapitanı olduğu Belçika milli komandasında da 99 matça çıxıb, 26 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: