Kilian Mbappeni Fransada oğurlamaq istəyiblər

Futbol üzrə Fransa millisinin və İspaniyanın “Real” (Madrid) klubunun ulduz hücumçusu Kilian Mbappeni ölkəsində oğurlamaq istəyiblər.

Arena.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

18 yaşlı Klementin başçılıq etdiyi dəstənin biznes rəhbərlərini, repçini, həmçinin Fransa millisinin və “Real”ın futbolçusu Kilian Mbappeni oğurlamağı planlaşdırdığı məlum olub. Məlumata görə, dəstə ümumilikdə 26 nəfərə qarşı müxtəlif qanunsuz əməllər törətməyi planlaşdırıb.

Avqustun 21-də Klement və onun şəriki apreldə saat ustasının qarət edilməsində ittiham olunublar. İstintaq zamanı götürülmüş telefonların məlumatlarının araşdırılması nəticəsində Klementin aprelin 11-dən avqustun 19-dək daha bir neçə qarət və oğurluq planı hazırladığı üzə çıxıb.

Klement barəsində həbs qətimkan tədbiri seçilib. Onun ehtimal edilən şəriki isə sərbəst buraxılıb, lakin məhkəmə nəzarətində saxlanılır.

27 yaşlı Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, Madrid klubu ilə 2024/25 mövsümündə İspaniya Super Kubokunun və Qitələrarası Kubokun qalibi olub.

Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olan Mbappe, 2022-ci ildə Qətərdə keçirilmiş mundialda gümüş medal qazanıb. O, dünya çempionatlarında 22 qolla turnirin tarixində ən çox qol vuran futbolçudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: