“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Madrid “Real”ına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların ötən gün Madriddə baş tutmuş görüşü İtaliya çempionunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kivu oyundan sonra təşkil edilmiş mətbuat konfransında komandasının xarakter nümayiş etdirdiyini bildirib:
“Bu gün xarakterli komanda gördüm. Biz vacib bir şey qururuq. Nə mən, nə də komanda bura təsadüfi oyun keçirmək üçün gəlməmişdik. Düşünürəm ki, tez-tez “Real”ın cərimə meydançasına qədər gəlib çatırdıq. Bilirəm, deyirlər ki, matçların mahiyyəti qol vəziyyətləri və qollardır. Amma komandamın burada necə oynaması məni daha çox qane etdi.
Turnirin bu mərhələsində qarşımızda hələ yeddi oyun var. Buradan üç xal qazanmaq istəyirdik, amma evə layiq olmadığımız məğlubiyyətlə qayıdırıq. Ancaq biz döyüşçüyük. İnkişaf etmək istəyirik və yüksək hədəflərimiz var. Daha da yaxşılaşmağa çalışacağıq”.


