Konstantinos Kulierakis “Roma”da

Almaniyanın “Volfsburq” klubunun yunanıstanlı mərkəz müdafiəçisi Konstantinos Kulierakis bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

“Roma” bu transfer üçün “Volfsburq”a 16,5 milyon avro ödəyib. 22 yaşlı futbolçu yeni klubu ilə 5 illik (2031-ci ilin 30 iyununadək) müqavilə bağlayıb. O, A Seriyası təmsilçisinin heyətində 33 nömrəli formanı geyinəcək.

Konstantinos Kulierakis Yunanıstanın PAOK klubunun yetirməsidir. “Volfsburq” onu 2024-cü ildə məhz PAOK-dan 12,75 milyon avroya transfer etmişdi. Müdafiəçi Almaniya komandasının heyətində 66 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Kulierakis 2022-ci ilin noyabrında debüt etdiyi Yunanıstan yığmasının heyətində 22 oyuna çıxıb, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: