“Napoli”nin baş məşqçisi Antonio Konte “eşşəkciklər”in belçikalı mərkəz hücumçusu Romelu Lukaku haqda söhbət açıb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, italyan mütəxəssis belçikalı futbolçunu, çalışdırdığı kollektivdə açar oyunçu olaraq görür:
“Mən, hələ “İnter”də işləyərkən, Lukakunu komandamda görmək istəyirdim, daha əvvəl isə onu “Çelsi”də imzalamağı xahiş etmişdim. O, fiziki cəhətdən çox güclüdür, amma onun vəziyyəti hələ də münasiblikdən uzaqdır, biz bunun üzərində işləməyə davam edirik. Buna rəğmən, o, “Napoli”nin açar oyunçusuna çevrilir və artıq özünü müsbət tərəfdən sübut edib”, deyə Antonio Konte əminliklə vuğulayıb.
Romelu Lukaku futbola “Lyers”də qədəm qoyub, karyerası ərzində “Anderlext”, “Çelsi”, “Vest Bromviç”, “Everton”, “Mançester Yunayted”, “İnter” və “Roma”da çıxış edib.
“Çelsi” belçikalı hücumçunu ilk dəfə 2011-ci ilin avqustunda 15 milyon avro məbləğ müqabilində “Anderlext”dən satın almışdı və o vaxtdan Lukaku futbol ömrünü ələlxüsus icarələrdə keçirirdi.
“Napoli” Lukakunun tamhüquqlu əsasda keçidi müqabilində “Çelsi”yə 30 milyon avro məbləğində ödəniş edib və belçlikalı futbolçu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Lukaku “Roma”da icarə əsasında top qovub. “Canavarlar”ın heyətində keçirdiyi bütün yarışlarda Lukaku 47 oyuna 21 qol, 4 məhsuldar ötürmə ilə fərqlənib.
Cari mövsümdə isə Lukaku “Napoli” üçün keçirdiyi 2 oyunda 2 qol vurub və 2 məhsular ötürmə verib.
Romelu Lukaku 2010-cu ilin mart ayında debüt etdiyi Belçika yığmasının heyətində 119 oyun keçirib, 85 qol vurub, 18 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


