Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor” klubu heyətinə daha bir yeni oyunçu cəlb edib. Arena.az xəbər verir ki, elita təmsilçisi Xorvatiyanın “Şibenik” klubunun gənc yarımmüdafiəçisi Niko Rakı heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu ilə 4.5+1 illik müqavilə imzalanıb. Xorvatiyalı dayaq yarımmüdafiəçisi ən azı 2026-cı ilin 30 iyununa kimi Konya təmsilçisinin uğurları üçün çalışacaq. O, bu komandada 27 nömrəli formanı geyinəcək. Türkiyə klubu bu transfer üçün “Şibenik”ə 200 min avro ödəyib.
Niko Rak “Şibenik”in öz yetirməsidir. O, 2020-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Dayaq yarımmüdafiəçisi Xorvatiya təmsilçisinin heyətində meydana çıxdığı 47 oyunda 2 qol da vurub. O, Xorvatiyanın U-16 və U-19 yığmalarında da oynayıb.
Xatırladaq ki, “Konyaspor” bu qış Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Emrelini də heyətinə qatıb. 25 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. Türkiyə klubu yayda azərbaycanlı futbolçunun transfer hüquqlarını da almaqda maraqlıdır.
Yeri gəlmişkən, Konya klubu Mahirin transferindən sonra sağ cinah vingeri Ahmet Karademiri icarəyə vermək qərarına gəlib. 18 yaşlı futbolçu bu mövsümün sonuna kimi “Karaman” komandasında forma geyinəcək. Super Liqa klubunun öz yetirməsi olan gənc yarımmüdafiəçi əsas komandada oynadığı 7 matçda 1 qol da vurub. O, Türkiyənin U-14, U-15, U-16, U-18 yığmalarında da forma geyinib.


