Türkiyənin “Konyaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra serbiyalı Aleksandr Stanoyeviç çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb. O, yeni komandasında bu gün istefası açıqlanan İlhan Palutu əvəz edib.
Aleksandr Stanoyeviç son olaraq Serbiyanın “Partizan” komandasına rəhbərlik edib. O, sözügedən klubdan 2022-ci ilin mayında ayrılıb. Serbiyalı məşqçi daha öncə ölkəsində “Srem” komandasına və Serbiyanın U-19 yığmasına da rəhbərlik edib. Stanoyeviç İsrailin “Makkabi” (Hayfa), Çinin “Dalian Aerbin”, “Beijing Guoan”, “Beijing BG”, “Beijing Renhe”, Yunanıstanın PAOK, Səudiyyə Ərəbistanının “Əl-Qadsiya” klublarında da çalışıb.
Xatırladaq ki, İlhan Palut 2021-ci ilin fevral ayından etibarən “Konyaspor”a rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 83 matça çıxarıb. Konyalılar bu görüşlərdə 37 qələbə qazanıblar, 26 heç-heçə ediblər və 20 məğlubiyyətə üzülüblür. Komanda bu mövsüm 18 oyuna topladığı 27 xalla Super Liqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.


