Rusiyanın ÇSKA klubunda baş məşqçi Viktor Qonçarenko istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
43 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun istefasına komandanın uğursuz nəticələri səbəb olub.
Qonçarenko 2016-cı ildən ÇSKA komandasını çalışdırırdı.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko da hazırda Moskva klubunda qapıçılarla iş üzrə məşqçi kimi çalışır. Qonçarenkonun istefasından sonra Kramarenko və digər köməkçi məşqçilərin ÇSKA-dakı taleyi də sual altında idi. Lakin paytaxt klubu rəsmi saytı vasitəsilə onların fəaliyyətini davam etdirdiyini açıqlayıb. Bildirilib ki, baş məşqçinin istefasına baxmayaraq, məşqçilər heyətinin qalan bütün üzvləri öz vəzifəsində qalacaq.
Qeyd edək ki, Dmitri Kramarenko ÇSKA ilə cari mövsümün sonunadək müqavilə bağlayıb.


