“Çelsi”nin sabiq yarımmüdafiəçisi Kreyq Börli 2023-cü ildə “Qızıl top”u kimin qazanacağına dair fikirlərini paylaşıb.
Arena.az “Manchester Evening News”a istinadən Börlinin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Erlinq Haland? 50-dən çox qol, Premyer Liqa çempionluğu, İngiltərə Kuboku və UEFA Çempionlar Liqası. Haland bu mükafatı qazanmalıdır. Bilirəm ki, bir çox insan Messini dəstəkləməkdən özünü saxlaya bilməyəcək, amma tam mənzərəyə baxın. Messiyə çoxlu “əl tulası” jurnalistlər səs verəcəklər. Ümumi mənzərə ondan ibarətdir ki, Erlinq Haland hər şeyə qısa müddət ərzində nail olub.
Bu mükafat, bəzi digər mükafatlar kimi, məni dəli edir, amma məhz o, buna layiqdir. Lakin düşünürəm ki, ora sentimental cəfəngiyatla dolu olacaq – Messi dünya çempionluğunu qazandı, Messi bu, Messi şu və onlar ona daha bir “Qızıl top” təqdim edəcəklər. Və əgər mən Erlinq Halandın yerində olsaydım, Robert Levandovski kimi, həyatımda heç vaxt bu mərasimə qayıtmazdım”, deyə Kreyq Börli mövqeyini açıqlayıb.
Xatırladaq ki, “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland və “İnter” Mayaminin argentinalı ulduzu Lionel Messi “Qızıl top”a namizəd 30 nəfərlik siyahıda yer alıblar.


